Layfxaklar

Artıq məlumatları silərək sürəti artırmaq:
smartfonun yaddaşını necə təmizləməli

Çətin tapşırığın sadə həll yolları.

23.08.2024 |   ~6 dəq.

Smartfonunuzun iş sürətini və çoxlu tapşırıq həll etmək qabiliyyətini necə dəstəkləyəcəyimizi müəyyən edək.

Yaddaş, ümumiyyətlə necə olur

Üç növ yaddaş var: operativ, quraşdırılmış və genişlənə bilən. Onların nə üçün lazım olduğu haqqında indi danışacağıq.

1. Operativ yaddaş

Smartfonun səmərəli işləməsinə görə cavab verir. Operativ yaddaşın (OY) həcmi nə qədər böyük olsa, cihaz çoxlu tapşırıq rejimində bir o qədər sürətlə və səmərəli işləyir. Samsung Galaxy smartfonlarında OY ölçüsü 12 QB-a qədərdir. Həcm böyük olduqda eyni anda bir neçə resurstutumlu tətbiqi işə salmaq və onların birindən digərinə daha asan keçmək olar - məsələn, sosial şəbəkələrdən oyunlara keçmək və paralel olaraq videonu montaj etmək. Amma operativ yaddaşda boş yer nə qədər azdırsa, smartfon üçün eyni anda bir neçə tapşırığı həll etmək də bir o qədər çətindir.

2. Quraşdırılmış yaddaş

Burada istifadəçinin məlumatları saxlanılır: tətbiqlər, musiqi, şəkillər, videolar, elektron kitablar, əlaqə nömrələri və digər məlumatlar. Bütün faylları və əməliyyat sistemi də orada yerləşir. Amma əgər yaddaş yüklənibsə, telefonun iş sürəti azalır. Boş yer nə qədər azdırsa, prosessor sorğuları bir o qədər yavaş emal edir.

İstehsalçılar yeni məhsullarında saxlama tutumunu maksimum çoxaltmağa çalışırlar. Məsələn, Samsung Galaxy-nin ən qabaqcıl modellərində quraşdırılmış yaddaşın maksimal həcmi 1Tb-dır. Belə saxlama tutumu olan smartfonların prosessorları milyonlarla əməliyyatları sürətlə emal edir.

3. Genişlənə bilən yaddaş

Daha çox fayl saxlamaq üçün telefona yerləşdirilən yaddaş kartıdır. Siz Samsung smartfonuna 1Tb-a qədər əlavə yaddaş qoşa bilərsiniz - bu, min şəkil, video və mahnı üçün bəs edəcək.

Yaddaşı nəyə görə təmizləməli

Telefonun dayanmadan və ləngimədən işləməsi üçün operativ yaddaşı müntəzəm təmizləmək lazımdır.

Vaxt keçdikcə quraşdırılmış və genişlənə bilən yaddaşda lazımsız məlumatlar toplanır. Vaxt gələcək, siz sadəcə hər hansı bir şəkli yadda saxlaya bilməyəcək və ya ev heyvanınız sevimli, ya da qəribə nəsə edəndə onun videosunu çəkə bilməyəcəksiniz. Yaddaş çox dolu olduğuna görə cihaz ləngiməyə başlaya bilər, ona görə də yaddaşı mütəmadi təmizləmək lazımdır.

Telefonda yaddaşın vəziyyətini necə yoxlamalı

Çox az yer qalanda smartfon özü məlumat verəcək. Hər şeyi özünüz yoxlamaq istəyirsinizsə, "Mənim fayllarım" tətbiqini açın. O, adətən, menyuda, Samsung* qovluğunda yerləşir. Birinci rəqəm yaddaşın nə qədər dolduğunu, ikinci rəqəm onun cəmi nə qədər olduğunu göstərəcək. Əgər 500 Mb-dan daha az boş yer qalıbsa, telefondakı artıq məlumatları təmizləmək vaxtıdır.

Operativ yaddaşı necə boşaltmalı

Android* tənzimləmələrində "Cihaza qulluq" seçimi var, onun yandırılması operativ yaddaşı boşaltmağa kömək edir. Başqa üsul da var - telefonu söndürüb-yandırmaq. Əgər siz çoxdandır telefonu söndürüb yandırmamısınızsa, operativ yaddaş çox yüklənə bilər. Qadceti söndürün və onu yenidən yandırın. Bu, keşi təmizləməyə və OY-də yer açmağa kömək edəcək.

Smartfonun yaddaşında necə yer açmalı: təmizləmə üsulları

Lazımsız tətbiqləri silmək

Bir məqamı vurğulayaq ki, əgər siz sadəcə tətbiqi silsəniz, onun məlumatları yenə də yaddaşda qalacaq, ona görə aşağıdakı ardıcıllıqla hərəkət etmək lazımdır:

  • • Tənzimləmələr"i, sonra "Tətbiqlər" və ya "Tətbiqlərin dispetçeri"ni açın.
  • • Silmək istədiyiniz tətbiqin üzərinə basın. Açılan menyuda "Yaddaş" və ya "Saxlanc"ı seçin, "Məlumatları təmizləmək" düyməsinə basın.
  • • Sonra əvvəlki ekrana qayıdın və "Silmək" düyməsinə, sonra isə "OK" düyməsinə basın.

Keşi təmizləmək

Qalan faydalı tətbiqləri yüngülləşdirmək, yəni keşi təmizləmək lazımdır. Keş- brauzerlərin, xəritələrin, messencerlərin, sosial şəbəkələrin və digər tətbiqlərin məlumatlarıdır. Onlar istifadə zamanı yüklənir və toplanır. Bir neçə toxunuşla onların hamısını dərhal silmək olar:

  • • "Saxlanc" və ya "Telefon haqqında" bölməsini açın.
  • • Sonra "Yaddaşı təmizləmək" və ya "Keşi təmizləmək" düyməsinə basın.

Hansı faylların daha çox yer tutduğunu öyrənmək üçün

"Mənim fayllarım" tətbiqini açın - adətən, o, Samsung qovluğunda yerləşir. Sonra "Cihazın yaddaşı" bəndini seçin. Burda içərisində fayllar olan qovluqları və ən ağır elementləri görəcəksiniz. İstənilən qovluğu seçmək üçün iki üsul var (cihazın modelindən asılı olaraq):

  1. 1. Qovluğun üzərinə bir neçə saniyə basıb saxlayın: yanında kvadrat və ya dairə, onun içərisində isə quş işarəsi görünəcək.
  2. 2. Əgər qovluğun yanında artıq kvadrat və ya dairə varsa, onun üzərinə basın - içərisində quş işarəsi görünəcək.

Daha sonra sağ yuxarı küncdə "Seçimlər"in (üç nöqtə kimi görünə bilər) üzərinə basın və "Xüsusiyyətlər" ya da "Məlumatlar"ı seçin. İndi "Ölçü" bəndində qovluğun tutduğu həcmi görürsünüz. Adətən ən böyüklər aşağıdakılardır:

  • • DCIM — kameranın şəkilləri və videoları;
  • • Download — internetdən yüklənmiş fayllar;
  • • WhatsApp və digər messencerlər - yazışmaların faylları;
  • • Music — səs faylları.

Lazımsız faylları silin

Dublikatları və ya çox oxşar faylları silin: silsiləli şəkillər çəkərkən belə olur. Əllə bir-bir seçmək çox vaxt aparacaq - Duplicate Files Fixer kimi tətbiq vasitəsilə artıq şəkilləri tapmaq daha sürətlidir. O, smartfonun yaddaşını nəzərdən keçirəcək, təkrar olunan şəkil və videoları tapacaq.

Sonra qovluğa nəzər salıb xoşlamadığınız, lazım olmayan və bulud texnologiyasında saxlanılan hər şeyi zibil qutusuna yollayın.

Hansı qovluqları silmək olmaz

Android əməliyyat sistemində elə qovluqlar var ki, sistem onlarsız düzgün işləyə bilməz, ona görə də onları silmək olmaz. Onlar aşağıdakılardır:

  • • efs — burada IMEI, Mac, Bluetooth və Wi-Fi haqqında məlumat saxlanılır;
  • • etc — burada əməliyyat sistemi və quraşdırılmış proqramlar yüklənərkən istifadə olunan konfiqurasiya faylları yerləşir;
  • • lib — proqramların və modulların işi üçün kitabxanalar;
  • • mnt —quraşdırılan sistemlərin surətləri;
  • • proc —cari quraşdırılmış əməliyyat sistemi haqqında əsas məlumatlar;
  • • sbin —sistemin idarə edilməsində iştirak edən bütün proqramların icra edilən faylları;
  • • sys — sistemin aktual konfiqurasiyası;
  • • system —ƏS-nin əsas məlumatlarının yerləşdiyi əsas sistem qovluğu. Əgər buradan informasiya silinsə, smartfona proqramı yenidən yazmaq lazım gələcək.

Yaddaşı təmizləmək üçün tətbiqlər

Hər qovluğa əllə daxil olmamaq üçün smartfonun quraşdırılmış funksiyalarından yararlanmaq və ya işi sizin əvəzinizə görən proqram yükləmək olar.

Android-də tənzimləmələr menyusuna keçin və "Cihaza qulluq" bölməsini, onun içərisində isə "Saxlanc"ı tapın. Orada zənbili təmizləmək, istifadə edilməyən proqramları tapmaq, dublikatları və ya çox böyük faylları silmək və hansı məzmunun ən çox yer tutduğunu yoxlamaq olar.

Ən yaxşıya öyrəşmək zamanıdır.

* Android - «Android», WhatsApp —«VotsApp», Duplicate Files Fixer — «Dublikeyt Fayl Fikser», Bluetooth — «Blyutuz», Wi-Fi — «Vay-Fay».

Digər hekayələri oxuyun